weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Rayonda uşaqlar bəzən təhsildən kənarda qalır, buna səbəb isə əsas onların valideynləridir” – Yaqut Qəhrəmanova

Ramin Bəhmən tərəfindən

25 aprel 2023 20:20 tarixində paylaşıldı.

InShot_20230425_202331309

“AğdamTv” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova ilə müsahibəni təqdim edir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz ?

-Mən, Qəhrəmanova Yaqut Qəhrəman qızı Ağdam rayonunun Güllücə kənd sovetliyi Suma kəndində ziyalı ailəsində doğulmuşam. Ailədə 3 qardaş, 2 bacı olmuşuq. Atam rəhmətlik uşaqların təhsilinə önəm verən olub. Ali təhsilimi Bakıda Xarici Dillər Universitetində almışam. Magistr təhsilliyəm. İngilis, fransız, rus dillərini mükəmməl bilirəm. İlk dəfə iş fəaliyyətinə ingilis, fransız və rus dili müəllimi kimi başladım. Lakin məlum Qarabağ müharibəsi zamanı mən də ailəmlə,uşaqlarımla köçkün həyatı keçirməli oldum. Bərdədə Türk Qızılay Çadır düşərgəsində müəllimə işləyib 2 oğlumun böyüməsi və normal təhsil alması üçün mücadilə etdim.1998-ci ildən xarici dilləri bildiyim üçün ölkəmizdə köçkünlər üçün humanitar fəaliyyət göstərən beynəlxalq təşkilatlarda oz həmvətənlərimə onların agır, məşəqətli köçkünlük həyatına kömək etmək üçün müəllimlik missiyama son verib, humanitar təşkilatlara qoşuldum.Ağır şəraitdə yaşayan, işsiz, yurd- yuvasını itirib depressiyaya düşən insanlara kömək etdikcə sanki ruhum dincəlirdi.2011-ci ilədək gah icma fasilitatoru, gah təlimçi, gah sosial işçi, gah da uşaq müdafiəsi üzrə işçi kimi işləyib Azərbaycanda ilk sosial iş sahəsində mütəxəssislərdən oldum. Azərbaycanda sosial işin qurulması və fəaliyyət göstərilməsi üçün “Ailəyə Dəstək Təlimat kitabı”nın yazılmasında iştirak edib 3 müəllifdən biri oldum. Hazırda o kitab sosial iş üzrə mütəxəssislərin stolüstü təlimat kitabıdır.Digər 3 metodiki vəsaitin hazırlanmasında da müəlliflərdən biriyəm. Əgər özümü kiməsə təqdim etsəm qısaca sosial iş üzrə ilk mütəxəssislərdənəm deyərdim. Keçən il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə ictimai fəallığıma görə “Tərəqqi” medalına layiq görülmüşəm.

-Regionlarda qadın və uşaqlarla bağlı ən sıx qarşılaşdığınız problemlər…

-2011-ci ildə Azərbaycan Respublikasının sərəncamı ilə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verildi və mən Uşaqların xilası Beynəlxalq Humanitar Təşkilatdan yaratdığımız mərkəzə metodist kimi işə başladım. 2013-cü ildən isə həmin mərkəzin direktoruyam. Mərkəzimiz əslində sosial müdafiəyə ehtiyacı olan insanlara kömək etmək, onlarla sosial işin aparılması, yəni ailədə yaranmış problemin həlli üçün ailəyə hərtərəfli dəstək vermək, onların ən güclü resurslarını öz problemlərini həll etməyə yönəltməkdir. Artıq 12 ildən artıqdır ki mərkəzimiz xüsusi qayğıya ehtiacı olan insanlara, o cümlədən köçkün və qaçqınlara, çətinliklə üzləşmiş, yurd -yuvasını,işini itirmiş, normal yaşayış yeri olmayan, maddi cəhətdən ailə vəziyyəti ağır olan, psixo-sosial dəstəyə ehtiyacı olan, himayəsində əlilliyi olan uşaq böyüdən ailələrə, təhsildən kənarda qalan, uşaq yaşında əməyə cəlb olunan, ziyanlı vərdişlərə aludə olan, insan alverinin qurbanına çevrilən, erkən nikaha cəlb edilən, küçə həyatı keçirən uşaqlar, məişət zorakılığı alan, ailə münaqişəsi zamanı özünə qəsd etmək istəyən, boşanmadan sonra himayəsində azyaşlı uşaqlar olan, işsiz, problem yaşayan qadınlar və kişilərin problemlərinin həlli sahəsində fəaliyyət göstərir.
Hazırda rast gəldiyim ən ağır problem ailə boşanmalarının sayının artması, gənclərin, eləcə də qadınların sağlam həyat tərzini deyil, ziyanlı vərdişlərə aludə olmaqları, narkotik istifadəçilərinin sayının artması,internet və sosial şəbəkələrdən düzgün istifadə etməmə və insan alverinin qurbanına çevrilmə və bütün problemlərin deyərdim ki əsas səbəbi kimi işsizlik ən çox qarşılaşdığım problemlərdir.
Yaşadığım rayonda milli ailə dəyərləri yetərincə qorunur, ailədə uşaqlara qayğı və sevgi hiss olunur. Çünki heç bir ağdamlının övladı uşaq evlərində yaşamır. Müharibə əzab əziyyətini, köçkünlük, evsizlik, işsizlik problemi ilə üzləşmiş sakinlərimiz öz uşaqlarına sahib çıxırlar və övladlarına qayğı göstərirlər.

-Fəaliyyət göstərdiyiniz Dövlət Komitəsinin regionlarda 2023-cü il çərçivəsində başqa hansı layihələr nəzərdə tutulub ?

-Yaşadığım həyatım boyunca 3 dəfə ağır müharibə gördüm. O cümlədən də Ağdam sakinləri də bu müharibələri yaşayşblar.1988-1994, 2016 və 44 günlük Vətən üharibəsi və Zəfər qazandığımız 2020-ci illər bizim sakinlərin hamısının yaddaşına, ömrünə, qismətinə yazılıdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq 2 ildir ki müharibə depressiyası yaşamış insanlar, uşaqlar və oğul itirmiş şəhid ailələri və sağlamlıqlarını itirmiş qazilər üçün ” Post müharibə dövründə xüsusi qayğıya ehtiyacı olan, şəhid, qazi və aztəminatlı ailələrinə və onların uşaqlarına psixo sosial dəstəyin göstərilməsi”adlı layihə ilə indiyədək 700-dək sakinə dəstək göstərib. Mərkəz bu layihəni həyata keçirir və yəqin ki davamlı olaraq bu layihə bu il də yenidən başlayacaq. Bundan başqa insanların sağlam həyat tərzini seçməsi, narkotikdən istifadənin insan sağlamlığına zərərləri, Erkən və qohum nikahların qarşısının alınması, uşaq əməyinin istismarı və uşaqların cinsi zorakılıqlardan qorunması, gender zorakılıqlarının qarşısının alıması, ailə institutunun möhkəmlənməsi, sağlam və uzunömürlü ailələrin sayının artması, uşaqlar doğulmazdan əvvəl cins seçiminin qarşısının alınması, qadınların məşğulluğunun təmin edilməsi sahəsində onların bilik və bacarıqlarının artırılması, uşaq və qadın hüquqlarının qorunması sahəsində maarifləndirmə aparmaq əsas layihələrimiz və fəaliyyət sahəmizdir.

-Rayonda fəaliyyət göstərən mərkəz rəhbəri kimi rayon uşaqlarının inkişafında hansı problemləri görürsünüz ki bunların qarşıda həlli yolları üçün layihələr həyata keçirmək olar?

-Rayonda uşaqlar bəzən təhsildən kənarda qalır, buna səbəb isə əsas onların valideynləridir. Biz bir neçə uşaq barədə məlumat alandan sonar uşağın təhsilə davam etməsi üçün social iş apararaq araşdırmalar apararaq problemin kökünü axtarmışıq. Araşdırmamız zamanı məlum olub ki ana uşaqlarını təhsildən kənarlaşdırıb təsərrüfat işləri ilə məşğul olmağa cəlb edib. Ailə bilməyərəkdən öz uşağını məcburi əməyə cəlb edir və uşaq təhsildən kənarda qalır. Belə hallarla rastlaşarkən bizim mərkəz RİH yanında Yetkinlik Yaşına Çatmayanlarln İşi və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və RPŞ-də Ağdam RPŞ-nın YYÇPİTQ-in baş inspektoru ilə birgə fəaliyyət göstəririk və uşaqların valideynlərinə uşaqların təhsildən kənarda qalması və onların hüquqlarının pozulması barədə valideyn maarifləndirilir və məktəb valideyn, şagird üçbucağı yaradaraq uşağın təhsilini yenidən davam etməsinə nail oluruq. Digər bir problem ailələrin işsiz olması və maddi vəziyyətinin aşağı olması səbəbindən istedadlı uşaqların idman və musiqi, rəsm, digər bacarıqları olan uşaqların təhsildən bağqa əlavə məşqlərə, kurs və dərnəklərə getmək imkanları olmur. Gələcəkdə Quzanlı qəsəbəsində tikilməkdə olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində belə dərnək və kurslaridman məşq zalları, şahmat, dil,rəqs və kompüter kursları az ödənişlə uşaqlara xidmət göstərəcək. Bu Ağdam rayonunun sakinləri üçün qarşıda duran ən böyük layihəmizdir.

-Rayonlarda öyrəşilən ailə portretində günümüzdə dəyişiklər varmı ? Və bunlar nə qədər müsbət, nə qədər mənfi dəyişiklərdir ?

-Ailə dəyərlərinin qorunması hər bir Azərbaycanl ailəsinə məxsus olmalıdır. Dəyər, qarşılıqlı hörmət, ehtiram və sevgi ilə qurulmuş ailə sanki möhkəm bünövrə üzrində qurulur və illər keçdikcə uzunömürlü,nümunəvi bir ailə olaraq gənclərə örnək olur. Ən adi, xırda bir problemdən ailə dağılmaz! Ailə dediyimiz kiçik bir dövlət gərək bir-birlərini anlasınlar, ər-arvad arasında bir birinə hörmət, sayğı olsun və adi kiçik problemləri şişirtməsinlər, bir birinin səhvindən keçməyi bacarsınlar, ata və ananın, ya sadə dillə desəm ərlə arvadın ortaq olduğu bu kiçik dövlət dağılarsa, ya uçuruma gedərsə, əlbəttə məlum məsələdir ki parçalanmış bir ocaqda ən ağır zərbəni uşaqlar almış olacaqlar.Ata-ana dünyaya gətirib həyat verdikləri övladılarının tam sevgi ilə böyüməsinə, mənəvi zərbə almasının qarşısının alınmasına məsuliyyətlərini duymalıdırlar. Son zamanlarda ailə parçalanması, uşaqların valideynlərdən birinin himayəsində qalması prosesi mənə elə gəlir ki xeyli artmışdır. Nə ictimai qınaq, nə ağsaqqal nəsihəti indi gənc ailələr tərəfindən qəbul edilmir. Sanki ailənin dağılması adi bir filmə bənzəmiş.İnsanlar, ailədə olan tərəflər heç olmasa yazda yuvasına qayıdan ana və ata qaranquşları seyr etsə idilər.Adi quşcuğaz hesab etdiyimiz qaranquşlar yuvaya dönərkən əvvəlcə yuvanı təmir edirlər, sonra bala dünyaya gətirmək üçün növbə ilə o bala çıxacaq yumurtaların üstündə yatarlar. Daha sonra o balanı birgə böyüdüb pərvazlaşdırırlar, ona uçmaq öyrədirlər, ona yemlənmək öyrədirlər. Keşkə, insanlar da belə anlayışlı olsa idilər. Uşaqların birtərəfli yəni ya atasız ya anasız böyüməsi gələcəkdə onların uğur qazanmasına mane olan bir zərbədir. Müasir zamanda müasir ailələrin yetişməsi müsbət haldır. Bəzi ailələrimiz uşaqlarının hətta xarici ölkələrdə mütəxəssis səviyyəsində təhsil almasına izn verməklə yanaşı , həm də maddi, mənəvi dəstək olurlar. Belə ailələrin daha çox olmasını, adi problemdən isə boşanmaların sayının az olmasını arzulardım.

-Tez-tez qadınlar və uşaqlar kimi müxtəlif ailə fərdləri ilə görüşürsünüz mənfi məqamlarla yanaşı hansı müsbət məqamları çəkmək olar xüsusi ilə keçmiş təmas nöqtəsində yaşayan ailələr üçün ?…

-Bəzi ailələrimizlə rastlaşırıq ki onlar öz müsbət bacarıqlarını sanki duymurlar, qiymətləndirmirlər. Hansı ki insan ələbaxım olmamalı, sağlam rəqabət aparmalı, sağlam səhhəti və işgörmə qabiliyyətindən istifadə edərək ailəsinə, uşaqlarının təhsilinə, sağlamlığına məsuliyyətli olmalıdırlar. Onlar tənbəl olmamalı, bacardıqları işi görməli və özünə dolanışıq yaratmalıdır. Amma deyim ki, 44 günlük Vətən müharibəsi zamanı vətənpərvər, igid oğullar böyüdən, düşməndən qorxmayan ürəkli oğullar yetişdirən valideynlər başımızın tacıdırlar. Hətta təmas xəttində olan ailələrimiz düşmən gülləsindən qorxmayaraq əkin- biçinlə məşğul olur, vətənpərvər övladlar böyüdürlər. Bax belə ailələrimizlə qürur duyuram.

-Sonda mütəxəssis olaraq ailələr, uşaqlara və xanımlara məsləhətləriniz nələrdir ?

-Əvvəlcə bütün Azərbaycan xalqına və eləcə də sakini olduğum Ağdam rayonunda yaşayan həmvətənlərimə can sağlığı, uğurlar, həmişə Zəfər qələbələri, sevinc, hüzur və sevgi dolu ömür arzulayıram. Ümumiyyətlə sözüm ən çox analara, qadınlaradır. Qadın nə qədər güclü, təhsilli, dünyagörüşlü olarsa, onun ailəsi möhkəm, xoşbəxt, övladları gələcəyin mətin və iradəli, bacarıqlı vətəndaşı, həyat yoldaşları isə hörmətli və el içində dəyər verilən ailə başçısı olarlar. Ona görə də qadınlar sədaqətli, vəfalı ömür yoldaşı, övladlarına bir dünya boyda sevgi verən ana, cəmiyyətdə sayılıb seçilən, kübar, ağayana, ismətli qadın olmalıdır. Qadın ailəyə istilik verən ocaq, övladların yoluna nur saçan işıq olmalıdır. Arzu edirəm ki,ailələrimiz möhkəm, özüllü olsunlar. Övladlarımız isə vətənpərvər və təhsilli, gələcək üçün dünyamızı etibar edə biləcəyimiz övladlar olsunlar.

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda